22.06.2021

Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur

Bu gün bütün dünyanı öz cənginə almış qorxunc xəstəlik olan COVİD-19-dan qorunmağın bir neçə yolunu göstərmək olar. Bunlar: tibbi maska taxmaq, sosial məsafə, gigiyenik qaydalara əməl etmək və vaksin etdirmək.

Bütün bu qaydaların içərisində virusa qarşı mübarizə metodu kimi ən effektli metod məhz vaksin etdirməkdir. Bu gün bütün dünya bu metoda köklənmiş və milyonlarla vaksin alaraq vətəndaşlarının COVİD-19 xəstəliyinə qarşı vaksin edilməsini təmin edirlər. Çünki yuxarıda da qeyd edildiyi kimi vaksin bu xəstəliyə qarşı ən effektiv mübarizə üsuludr.

Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

Tarixə nəzərə saldıqda görə bilərik ki,qorxulu xəstəliklərə qarşı mübarizənin ən effektiv yolu peyvənd olunmaq olub. Tarixən bəşəriyyətin qəniminə çevrilmiş vərəm, difteriya, vəba kimi ölümcül xəstəliklərin qarşısı məhz vaksin olunmaqla alınıb.

COVID-19 pandemiyası bu gün bütün dünyada həyatı iflic etmə səviyyəsinə gətirib çıxarıb. İstehsal sahələri, kütləvi tədbirlər və ən əsası təhsil pandemiya səbəbindən məhdudiyyətlərə məruz qaldı. Pandemiya ən böyük zərbəni məhz təhsil sahəsinə vurmuş oldu. 1 milyarda yaxın təhsil alan təhsil həyatında mühüm problemlər yaşamış oldu. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Uşaqlarımızın gələcəyi üçün hər birimizin vaksin olunması vacibdir. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısını birlikdə ala bilərik. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi.

İnsan amilinin ən mühüm məsələ olduğu ölkəmizdə də insanların sağlamlıq məsələsi çox əhəmiyyətlidir. Ölkəmiz cənab prezidentimizin apardığı uğurlu siyasət nəticəsində pandemiya ilə mübarizədə bir dünya modelinə çevrilmişdir. Belə ki, ölkə rəhbərliyinin xüsusi diqqətində olan pandemiya ilə mübarizə tədbirləri ölkəmizdə bu dəhşətli xəstəliyin fəsadlarının azadılmasına gətirib çıxartdı.

Ölkə rəhbəri cənab prezident İlham Əliyevin səyi və göstərişləri ilə həyata keçirilən pandemiya ilə mübarizə tədbirlərindən biri və ən mühümü də ölkəyə COVİD-19 əleyhinə vaksinlərin gətirilməsi və əhalinin vaksinasiya prosesinə cəlb edilməsi oldu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Ölkəyə gətirilən vaksinlər dünyaca sınanmış, öz effektini vermiş və son dərəcə təhlükəsiz vaksinlərdir.

Ölkə rəhbərliyinin vətəndaşlarımızın sağlamlığı, xoşbəxt və firavan həyatına yenidən dönməsi istiqamətindəki atdığı bu böyük addıma hər birimiz dəstək olmalı və vaksinasiya prosesində aktiv şəkildə iştirak etməliyik. Çünki bu qorxunc xəstəlikdən qorunmağın və əvvəlki həyatımıza dönməyimizin ən effektli yolu məhz vaksinasiyadır.

Bu gün hər bir təhsil işçisi də növbəti tədris ilində ənənəvi təhsilə qayıtmaq üçün yeganə yol olan vaksinasiya prosesinə cəlb olunmalı və hamılıqla vaksinasiyadan keçməlidir. Çünki pandemiyaya qarşı ən etibarlı yol və yeganə silah vaksinasiyadır.

 

Müəllif: Kürdəmir rayonu S.Dəmirov adına Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov


Açar sözlər: