22.06.2021

Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə dəqiq yol xəritəsi

Qəfildən yaxalandığı böhrandan, pandemiyanın qısa zamanda bu qədər geniş miqyas almasından, ötən ilin bu gününə qədər heç kimin ağlına belə gəlməyəcəyi gözlənilməzliklərdən dünya indi param-parça, dağınıq haldadır. Çıxış yollarının müzakirəsindən, effektiv həllərin tapılmasından, gələcək üçün birgə addımların planlaşdırılmasından ötrü ölkələrin bir araya yığışması, obrazlı desək, dünyanın özünə gəlməsi çox mühümdür.

Əgər COVID-19-a qədər Azərbaycan Prezidenti regionun lider dövlətinin rəhbəri, Avrasiya məkanının əsas söz sahiblərindən biri idisə, pandemiya dövrünün reallıqları cənab İlham Əliyevi artıq qlobal miqyaslı liderlərdən biri səviyyəsinə yüksəldir.COVID-19-a qarşı mübarizə sahəsində ilk regional həmrəylik təşəbbüsü Prezident İlham Əliyevin hələ apreldə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu qurumda bir araya gələn dövlət və hökumət başçılarının fövqəladə Zirvə görüşünü keçirməsi idi. Bu təşəbbüs sayəsində Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat oldu. Dünyanın əksər ölkələrində pandemiyanın genişlənməsi, kütləvi yoluxma və insan itkiləri səbəbindən böyük isterikanın yaşandığı günlərdə nümayiş etdirilən belə bir təmkinli yanaşma, Türk Şurası formatında aparılan faydalı müzakirələr və təqdim edilən uyğun həllər bütün dünyada böyük maraq doğurdu.

Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın-Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququ və ədaləti müdafiə edərək, öz bəyanatlarına da sadiq qalaraq dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə sərgilədiyi mövqe, aldığı qərarlar və atdığı addımlar çoxtərəfli səylərin mərkəzində dayanır. Bu səbəbdən də 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu baxımdan da, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkə başçımız BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunun vacibliyini vurğuladı.

Azərbaycan COVID-19 pandemiyası ilə əlaqədar olaraq ilk günlərdən qabaqlayıcı tədbirlər görməyə başlayan ölkədir. Görülən ardıcıl, sistematik işlərin nəticəsidir ki, vəziyyəti bütün dövrlərdə nəzarətdə saxlamaq mümkün oldu. Əsas məsələlərdən biri ölkəyə yeni laboratoriyaların gətirilməsi idi ki, əgər pandemiyaya qədər ölkəmizdə cəmi 8 laboratoriya var idisə və gündə cəmi min test keçirilə bilərdisə, indiki zamanda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Pandemiyanın ilk günlərindən ölkəyə modul tipli xəstəxanalar gətirildi. Bu istiqamətdə maksimum səmərəli iş aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə mütəmadi təmaslar quruldu. Eyni zamanda, dünya birliyinin etibarlı tərəfdaşı kimi Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım etmişdir. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə vermişdir ki, bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılmışdır. Bu istiqamətdə istər beynəlxalq təşkilatlar, istər Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda ölkə əhalisi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin fəaliyyətini yüksək qiymətləndirir. Ümumdünya Səhiyyə Təşkilatı görülən işlərə yüksək qiymət verərək “Azərbaycan modeli”dən bəhs edərək Azərbaycanı nümunəvi ölkə hesab edir. Bununla yanaşı, dünyanın aparıcı rəy sorğusu şirkəti hesab olunan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb ki, vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Azərbaycan Cənubi Qafqazda vaksinasiya işinə ilk start verən ölkədir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqından bir ay sonra vaksinləri alan və vaksinasiyaya başlayan ölkədir.

Bütün bu amillər bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz öncədən proqnozlaşdırıla bilməyən və bütün dünyanı cənginə alan COVID-19 pandemiyası kimi bütün maneələri dəf etməyə, eyni zamanda bu istiqamətdə bütün bəşəriyyətə töhfə verməyə hazır və qadir dövlətdir.

 

            Müəllif: Kürdəmir şəhəri F.Həşimov adına 3 nömrəli tam orta məktəbin müəllimi Günəş Xudiyeva


Açar sözlər: