22.06.2021

Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı

Bu gün bütün dünyada geniş yayılmış və milyonlarca insanın ölümünə səbəb olan ən yoluxucu xəstəlik COVİD-19 pandemiyasıdır.COVİD-19 pandemiyası ilk dəfə 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yayılıb. Çin hökuməti ölkədə yoluxucu pandemiyanın başlaması barədə 2019-cu il dekabr ayının 31 də Ümumdünya Səhiyyə Təşkilatına məlumat vermiş və ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) həmin pandemiyanın adını fevral ayının 11-də məhz COVİD-19 adlandırmışdır. Virusa yoluxma hallarının ən çox olduğu ölkələr arasında ABŞ, İspaniya, İtaliya, Almaniya, Fransa kimi dövlətlərin adı xüsusi qeyd olunur. Dövlət başçıları bütün səylərini koronavirusla mübarizəyə və onun yayılmasının qarşısını almaq üçün sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönətmişdir.

Ölkəmizin ərazisində də COVİD-19 pandemiyasına yoluxanların sayı çoxdur. Onun yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronovirus xəstəliyinin qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir. Buna müvafiq olaraq 2020-ci il 27 fevral tarixlərində bu xəstəliyin yayılmasının qarşısını alınması və profilaktik tədbirlərin operativ halda həyata keçirilməsi məqsədiylə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılmışdır. Ölkəmizdə karantin rejimi tətbiq edilmişdir. Belə ki, ölkədə yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanmış və bununla da xaricdən xəstəliyin idxalının qarşısı alınmışdır. COVİD-19 pandemiyasından qorunmaq üçün maarifləndirici verilişlər göstərilmiş və müxtəlif posterlərdən istifadə olunmuşdur. Operativ Qərargahın gördüşü işlər pandemiyanın yayılmasının qarşısının alınmasında öz müsbət təsirini göstərmişdir.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Və ilk olaraq Prezidentin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat pul vəsaiti ayrılmışdır. Müxtəlif idarə və təşkilatlar da bu sahədə öz fəaliyyətlərini səfərbər edərək həmin fonda pul vəsaiti köçürmüşlər.

Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyə Respublikasında xüsusi təlim keçmiş həkimlər xüsusi rejimli xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin sağalması üçün böyük əmək sərf etmişdir. Bunu nəzərə alan ölkə başçısı İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamı ilə COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün yeni modul tipli xəstəxanalar tikilmişdir. Əhalinin tibbi maska və digər zəruri tibbi ləvzaimatlara olan təlabatlarını ödəmək məqsədilə onların istehsalına başlanılmışdır. Regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdır. Restoranlar, kafelər, şadlıq evləri, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmışdır.

Pandemiya Azərbaycan təhsil sistemindən də yan keçmədi. Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixi 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilmişdir. Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı təlimati məktub göndərilmiş, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı təhsilverənlər, təhsilalanlar və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, müəssisələrin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması üçün tapşırıqlar verilmişdir. Valideynlər üçün tövsiyələr, "Təhsil müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat” hazırlanmış və tətbiq edilmişdir. Ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində sistemli şəkildə dezinfeksiya işləri aparılmışdır. Həyata keçirilən tədbirlər təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətin yaxşılaşmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. 2020-ci il fevralın 28-də ölkədə ilk koronavirusa yoluxma halı aşkarlandıqdan dərhal sonra mart ayının 2-də dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilmişdir. O vaxt ölkə ərazisində bütün təhsil müəssisələrinin fəaliyyətini dayandırması barədə qərarın qəbul edilməsi dünyada yalnız 12 ölkə tərəfindən verilmişdi. Koronavirus xəstəliyi geniş yayıldıqdan sonra isə bu proses bütün ölkələri əhatə etdi. Martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başladı. Şagirdlərin dərs prosesindən geri qalmalarının qarşısını almaq məqsədiylə yüksək peşəkarlığa malik olan müəllimlərin iştirakı ilə teledərslərin çəkilişinə başlanıldı və bu dərslərin 2 televiziya kanalında - Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalı ilə yayımlanması barədə qərar qəbul edildi Ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanmışdır. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə etmişdir. Bu dərslər hamının faydalana bilməsi üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "Youtube” kanalında da yerləşdirilmişdir. Bu teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə aprelin 2-dən ölkəmizdə "Virtual məktəb” layihəsinə start verilmişdir.Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun siniflərə təyin olunmuşdur. Bütün ümumtəhsil və ali təhsil müəssisələrində işləyən müəllimlərin həmin portalda qeydiyyatı təmin edilmişdir. Müəllimlər tərəfindən onlayn qaydada dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdır. Sinif iclasları, valideyn iclasları, müxtəlif tədbirlər yalnız onlayn qaydada həyata keçirilmişdir.

Ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində yoluxma hallarının sayı kəskin surətdə azalmış və təlim, tərbiyə müəssisələrində dərslər ənənəvi qaydada karantin dövrününün qaydalarını gözləmək şərtilə yenidən bərpa olunmuşdur. Ümumiyyətlə, Operativ Qərargah tərəfindən həyata keçirilmiş bütün tədbirlər hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına xidmət etmişdir.


                Müəllif: Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin müəllimi Günel Bilalova


Açar sözlər: