05.04.2021

İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir

Qarabağ! Azərbaycanın ayrılmaz parçası, döyünən ürəyi. Tarixi - irsi abidələr diyarı, gözəlliklər səltənəti, qəhrəmanlar oylağı. Zaman-zaman düşmən tapdağına məruz qalmış, yadların ayağı altında haray çəkib inləmisən. Bu bizim qonaqpərvərliyimizdən irəli gəlib. İndi isə dost kim, düşmən kim ayırd edirik. Anlayırıq ki, ermənidən bizə dost olmaz. Qoynunda yer vediyin, isti ağuşuna aldığın bu zalımlar nəinki doğma övladlarına, hətta tarixi-irsi, mədəni abidələrinə düşmən kəsildilər.

Bilirik ki, Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi tanınır. Bu gün də Prezident İ.Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik və dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.

Çox təəssüflər olsun ki, iki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi - dini abidələr, müqəddəs ocaqlar  və məbədlərdir. Əsas məqsədləri bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir.

İşğaldan azad edilən Qarabağda erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin faşist xislətindən xəbər verir, onun nə qədər barbar, vəhşi olduğunu göstərir. Erməni işğalçıları tərəfindən bütün bu dağıntılar, talan məqsədli şəkildə həyata keçirilib. Amansız düşmən Qarabağda azərbaycanlılara aid maddi-mədəni irsi viran qoymaqla, yerlə bir etməklə soydaşlarımızın bu ərazilərdəki tarixiliyinin, mədəni kimliyinin itirilməsi, silinməsi məqsədi güdüb.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərdə ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ifadə ediblər. İşğal olunan ərazilərdə yerləşən mədəni irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir. Amma, təəssüf ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən bu cür vəhşiliyə susqunluqla yanaşılır. İşğalçılar bütün yaşayış məntəqələrimizi də vəhşicəsinə dağıdıb, salamat bir bina qoymayıblar. Bütün infrastrukturu yerlə-yeksan ediblər. Erməni vandalizmi mağara və kurqanlardan yan keçməyib. Azıx, Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılıb. Xocalı Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məbədlər məhv edilib. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarixi və mədəni abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci il Avropa Konvensiyasına ziddir.

 Bir müddət bundan əvvəl düşmən dünya dövlətlərinə, havadarlarına üz tutub, azərbaycanlıların xristian məbədlərini dağıtdıqlarını bildirirdi. Əslində, əli hər yerdən üzülən işğalçı fikirləşirdi ki, bəlkə belə bir yalan, iftira ilə hansısa məqsədinə nail ola bilər. Digər tərəfdən, sözügedən xristian məbədlərinin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu abidələr əsasən qədim tarixə malik Qafqaz Albaniyası dövlətinin tarixi irsidir, başqa sözlə, Azərbaycanın əzəli maddi-mədəniyyət xəzinəsidir. 30 il torpaqlarımızı işğal altında saxlayan, torpağın, demək olar ki altını üstünə çevirən, yurdumuzun havasını belə zəhərləyən düşmən bizim qürurumuzu cəsarətimizi qıra bilmədi. O dağıtdı, sökdü, ancaq məhv edə bilmədi. Öz qədim tarixi, mədəniyyəti, musiqisi, təbiəti, mərdliyi və qəhrəmanlığı ilə zəfər yazan Azərbaycan indi Qarabağda zəfər yolu çəkir. Bu yol  Azərbaycanın bütövlüyünə doğru bir başlanğıcdır.

 

Müəllif: Kürdəmir rayonu S.Paşayev adına 6 nömrəli tam orta məktəbin müəllimi Müslümova Qətibə