05.04.2021

Münaqişənin həllində Türkiyənin böyük rolu

30 ilə yaxındır ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqda davam edirdi. Bu illər ərzində Azərbaycan rəhbərliyi bu münaqişəni masa üzərində, dinc yolla həll etmək niyyətində idi. Dəfələrlə həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm prezidentimiz cənab İlham Əliyev Ermənistan rəhbərliyi ilə dəyirmi masa arxsında oturmuş və problemin həlli üçün - işğalda olan torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq üçün müxtəlif fikir və təkliflər irəli sürmüşlər. Amma hər dəfə Ermənistan rəhbərliyi münaqişənin həllindən yayınmaq üçün müxtəlif bəhanələr gətirmiş və çalışmışdır ki, vaxtı uzadaraq işğal etdiyi torpaqlarda möhkəmləndirmə işləri ilə məşğul olsun, sədlər və səngərlər hazırlasın. Uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyev nəhayət onların yalanlarına və boş vədlərinə inanmayaraq artıq özlüyündə qərarını vermişdir və dəfələrlə vurğulamışdır: “Münaqişə sülh yolu ilə həll olmasa, müharibə qaçılmazdır”. Amma bu müharibəni necə başlamaq və necə bitirmək lazım idi? Bunu yalnız Ali Baş Komandan bilirdi. Öz təbirincə desək “Mən nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilirəm”. Bu həqiqətdə belə idi.

Ermənistan Azərbaycan arasında olan Qarabağ münaqişəsini həll etməkdə bizə dəstək olan və daim Azərbaycanın yanında duraraq onun haqq səsini dünyaya çatdırılmasında yaxından iştirak edən dövlət qardaş Türkiyə idi. Türkiyə həmişə öz kiçik qardaşı olan Azərbaycanı özü hesab edib. İstər 1918-ci illərdə, istər 90-cı illərdə və ən nəhayət Vətən Müharibəsində Türkiyəni bir qardaş kimi yanımızda gördük. Düzdür, Sovet İttifaqı dövründə 70 il biz təcrid vəziyyətdə yaşadıq. Türkiyə ilə heç bir əlaqə qura bilmədik, çünki buna Sovet İttifaqının qanunları yol vermirdi. Amma 1991-ci ildə öz müstəqilliyimizi əldə etdikdən sonra üz tutduğumuz və qardaş hesab etdiyimiz tək dövlət Türkiyə oldu. Bu dönəmdə ölkəmizin müstəqilliyini tanıyan ilk ölkə də elə Türkiyə oldu. Ulu öndər çıxışlarının birində ”Biz iki dövlət, bir millətik”, - deyə çıxış etməsi bu dövlətləri bir-birinə daha da sıx bağladı. Artıq deyə bilərik ki, dünyanın heç bir ölkəsi Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilməz. Bizi bir-birimizə bağlayan təkcə qardaşlıq münasibətləri deyil, həm də mənəvi, dini, adət-ənənələrimiz, ortaq ədəbiyyatımız, türklüyümüz, milli-mənəvi dəyərlərimiz bağlayır. Bu bağlılıq bizi daha da möhkəmləndirir. Fəxrlə deyə bilərik ki, Türkiyənin dünyada inkişafı Azərbaycanın, Azərbaycanın inkişafı Türkiyənin inkişafı deməkdir. Bu gün Türkiyə Azərbaycanın bütün sahələrində ona dəstək verir. Həm iqtisadi, həm hərbi, həm idman, həm də ki siyasi və mənəvi dəstək. Neçə-neçə ali təhsilli hərbçilərimizin peşəkarcasına yetişməsində Türkiyənin rolu əvəzsizdir. Bakı-Tibilisi-Ceyhan və Bakı-Tibilisi-Qars dəmir yolunun çəkilməsində də Türkiyənin verdiyi dəstək bu gün ölkəmizin inkişafına verdiyi dəstəkdir. Yüksək hərbi sənayesi olan Türkiyə Vətən müharibəsində ölkəmizi pilotsuz uçan aparatları ilə təmin etdi. Döyüş zamanı istifadə etdiyimiz geyim və silahlarla əsgər və zabitlərimizi təmin etdi. Yaralı zabit və əsgərlərimizin müalicəsinə şərait yaratdı. Münaqişə zonasına-müharibənin qaynar nöqtələrinə Türkiyənin jurnalist və müxbirləri cəlb olundu. Onlar savaş meydanında oldu. Erməni vəhşiliyini və vandalizmini dünyaya çatdırdılar. Münaqişə yerindən uzaq olan Azərbaycanın mədəni şəhəri olan Gəncəni raket atəşinə tutmasını, Tərtər kimi qəhrəman şəhərin yerlə- yeksan olmasını, Bərdə, Goranboy, Mingəçevir kimi şəhərlərin erməni təcavüzünə məruz qalmasını dünyaya çatdıran jurnalistlərdən oldular. Bir sözlə, Türkiyə bizə bütün dövrlərdə həm mənəvi, həm də siyasi dəstək vermişdir. Bunun biz bir vətəndaş olaraq son günlərdə canlı şahid olduq. Bu günə qədər Türklərin Azərbaycanlılara verdiyi dəstəyi kitablardan, müəllimlərdən, televiziya və radiodan, müxtəlif sosial şəbəkələrdən oxuyub eşidirdiksə, indi bunu öz gözlərimizlə gördük. Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında Azərbaycanın 20 faiz torpaqlarının ermənilər tərəfindən işğal edilməsi, 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşaması,ermənilərin Xocalı soyqırımını törətməsini dəfələrlə dünyaya çatdırırdı. Amma nə fayda?! Sanki Beynəlxalq Təşkilatlar heç bir şey olmayıbmış kimi həmişə bu münaqişəyə dırnaqarası baxmış, münaqişənin davamlı olduğunu arzulamışlar. Amma hansı yolla olur olsun, bu həll olunmalı idi və olundu da. Möhtərəm Prezidentimiz İlham Əliyev qərarında haqlı idi. Xalqın birliyi və əzmi, prezidentin qətiyyətli mövqeyi özünü doğrultdu. Azərbaycan hərbi-siyasi gücü və nüfuzu ilə ərazi bütövlüyünü bərpa edə bildi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə nəticələndi. 44 gün davam edən bu müharibədə müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərdi. 300-ə yaxın yaşayış məntəqələrimiz erməni silahlı qüvvələrindən təmizləndi. Azərbaycanın dilbər guşəsi olan Şuşa Noyabrın 8 – də tam azad edildi. 10 noyabrda Azərbaycan xalqı qələbə sevinci yaşadı. Daha sonra Kəlbəcər, Ağdam və Laçın rayonları müharibəsiz Azərbaycan ordusuna təhvil verildi.

10 dekabr 2020-ci ildə Azərbaycanda keçirilən Zəfər paradında Azərbaycan ordusunun əldə etdiyi qənimətlər - erməni silahları nümayiş olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan geniş nitq söylədi. Bu çıxışlar hər bir azərbaycanlı kimi məni də kövrəltdi. İstər-istəməz Türkiyə Prezidentinin timsalında türklərə məhəbbətim birə-on yüksəldi və bir anlıq fikrimdən “Azərbaycnın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi keçdi. Həqiqətən düz deyirlərmiş, türkün türkdən başqa dostu yoxdur. Türklər bizim yanımızda həm xoş, həm də kədərli gündə oldu. İndi artıq israrla deyə bilərik ki, Azərbaycan tək deyil və bizim Türkiyə kimi böyük dostumuz və qardaşımız var. Var ol Türkiyəm! Nə qədər ki, varsan, mən qorxunun nə olduğunu bilmərəm. Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı!

 

Müəllif: Kürdəmir rayonu E.Ağayev adına Sor-Sor kənd tam orta məktəbinin müəllimi Kərimov Rəşad