05.04.2021

Azərbaycan məsuliyyətli bir ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur

Biz müharibənin əleyhinəyik. Azərbaycan sülhü, əmin-amanlığı sevən ölkədir. Amma Ermənistan dövləti Azərbaycan ərazisini müharibə meydanına çevirdi. Ermənistan 30 il əvvəl tarixi bir səhv etdi: Dağlıq Qarabağ və ətrafındakı 7 Azərbaycan rayonunu işğal etdi, insanları işgəncələrə məruz qoydu. Nəticədə çoxlu Azərbaycan vətəndaşı öz torpağından qaçqın düşdü.

Azərbaycanın 20 faiz torpağı 30 ilə yaxındır ki, Ermənistanın beynəlxalq səviyyədə qınanan hərbi işğalı altında idi. BMT-nin 4 qətnaməsi Ermənistandan işğal olunmuş ərazilərdən dərhal geri çəkilməsini tələb etsə də Ermənistan buna heç vaxt əməl etmədi.

Qarşı tərəf yalnız Azərbaycanın torpaqlarını işğal etməmişdi, həm də mədəni irsini, təbii sərvətlərini dağıdıb, talayıbdır. Erməni barbarları 30 il ərzində dini-mədəni və tarixi abidələri vəhşicəsinə dağıdıblar.

Biz 44 günlük vətən müharibəsi zamanı bir daha erməni ordusunun aqressiyasını gördük. Xüsusən də bu aqressiya dinc əhaliyə, uşaqlara, yaşlılara və qadınlara oldu. Dəyişən sadəcə zaman idi. Əgər 90-cı illərdə Xocalıda körpələr öldürülürdüsə, 2020-ci ildə Bərdə və Gəncənin məsum körpələri hədəfə alınırdı. Azərbaycan ordusu isə yalnız düşmənin hərbi obyektlərini hədəfə aldı. Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq niyyətində olmayan erməni işğalçı qüvvələri dinc insanlara və Azərbaycan şəhərlərinə zərbə endirərək pis niyyətli siyasət yürütdüyünü bir daha sübut etdi. Dünyanın gözü qarşısında pis niyyətli erməni siyasəti iflasa uğradı.

Biz öz torpaqlarımızı geri qaytardıq. Və yalnız öz torpağımız uğrunda mübarizə apardıq. Əgər Azərbaycan istəsə idi gedə biləcəyi qədər irəli gedərdi. Bunun üçün güclü ordusu və yetərincə hərbi bazası var idi.

Cənab Ali baş komandan İlham Əliyevin dəmir yumruğu altında birləşib bu gün Azərbaycan ordusu İrəvanda dayana biləcək qüvvəyə sahibdir. Lakin Azərbaycan mədəniyyətin beşiyidir və öz məsuliyyətini dərk edir. Bizə sadəcə öz torpaqlarımız lazım idi və onun uğrunda mübarizə aparıb qalib gəldik.

Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə siyasi problemi yoxdur və heç bir zaman digər bir dövlətin ərazisində müharibə aparmaq niyyəti olmayıbdır. Ermənistanla siyasi vəziyyətin pis olmasının səbəbi isə məhz qarşı tərəfdir. Düşmən dəfələrlə sərhəddi keçdi. Hərbi birləşmələri bizim sərhədlərə hücum etmiş, təxribatlar törətmişdir. Bir neçə hərbiçimiz şəhid olmuşdur. Müharibə tarixinə nəzər salsaq, çox yox son 5 ildə tarixə “Aprel öyüşləri”, “Tovuz döyüşləri” və “Böyük Vətən müharibəsi” kimi düşən hadisələrdə görərik ki, atəşkəs həmişə düşmən tərəfindən pozulub. Kapitulyasiya sənədinə belə məhəl qoymamış, torpaqlarımızdan çıxarkən Qarabağa terrorçu qüvvələr yerləşdirmişdilər.

Azərbaycanı ümümiyyətlə Qarabağsız təsəvvür etmək mümkün deyildi və Azərbaycan öz Qarabağına qovuşdu. Öldürülən hər bir can, dağıdılan hər bir obyektin qısası alındı. Düşməni hər tərəfli məğlub etdik. Üstəlik bunu bütün qayda-qanunlara uyğun şəkildə etdik.

Azərbaycan həm hərb, həm sülh həm də diplomatiya sahəsində qalib gəldi. Torpaqlar sahibinə geri qayıtdı. Torpaq vətəndir, Vətən bölünməzdir.

 

Müəllif: Kürdəmir rayonu Quşlar kənd ümumi orta məktəbinin müəllimi Məmmədova Arifə