02.03.2021

Azərbaycan Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir.

Müharibə dövründə bütün dünya Azərbaycan və Türkiyə dövlətinin birliyini, Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və bu müharibədə böyük üstünlük təşkil etmişdir.

İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq eyni zamanda bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.

İndiyə qədər tərəflər arasında qarşılıqlı səfərlər və tədbirlər çərçivəsində hərbi və müdafiə sənayesini əhatə edən 20-dən çox görüş olub. Eyni zamanda,  Azərbaycan və Türkiyə hökumətləri ,o cümlədən, müdafiə nazirlikləri arasında təmənnasız hərbi yardım, maliyə yardımı, müdafiə sənayesi, təlim - tədris və maddi – texniki təminat sahələrində, əməkdaşlıq sahəsində, əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kosovo Türk Taburu Görev Küvvəti tərkibində Kosovaya gedəcək Azərbaycan taqımının fəaliyyətinə dair saziş və müqavilələr imzalanıb.

Qeyd etmək istərdim ki, son illərdə Türkiyədə müasir müdafiə sənayesi bazası yaradılıb. Burada aviasiya, zirehli texnika, müdafiə elektronikası, raket sistemləri və ümumi silah sənayesi sahələrində ən son texnologiyaya sahib NATO standartlarına uyğun olan sistemlər istehsal edilir. Bundan başqa Türkiyədə dost və qardaş ölkələrin tələbatına uyğun olaraq hərbi geyim hazırlanır. Dost və qardaş ölkə olan Türkiyənin Azərbaycanın müdafiə sənayesi və hərbi geyim sahəsində ehtiyaclarının ödənilməsi kimi mövzularda Azərbaycan ilə əməkdaşlığa açıq olduğunu da vurğulamaq istərdim.

II Qarabağ müharibəsində Türkiyə bir daha bunu sübut etdi. Bütün imkanları ilə Azərbaycanın yanında oldu. 44 günlük müharibə ərzində "Harop" zərbə pilotsuz aparatlarından, o cümlədən "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən geniş istifadə olunub. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Rusiyalı hərbi ekspert Pavel Felqenqauer qeyd etmişdir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu bu hərbi silahlar sayəsində texnoloji üstünlüyə sahib idi.

Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.

Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğan 27 sentyabr 2020-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyevlə telefon danışıqlarında qeyd etmişdir. "Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşların yanındadır ".

Bir sözlə, qarşılıqlı yüksək səviyyəli səfərlərdə ifadə edildiyi kimi, iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi mümkündür. Azərbaycanın hərbi baxımdan və müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, Türkiyənin güclənməsi deməkdir. İki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik ehtiyacları nəzərə alınmaqla, inkişaf etdirilməlidir. Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə əməkdaşlığın davamlı inkişafı isə bu müttəfiqliyin ayrılmaz hissəsidir.

 

Müəllif: Kürdəmir rayonu B.Məmmədov adına Mürtülü kənd tam orta məktəbinin müəllimi Məmmədəliyeva Şəbnəm