02.03.2021

Azərbaycan-Türkiyə ortaq hərbi təlimlərimiz daha çox keçiriləcək

            Güclü ordu güclü dövlət deməkdir. Ordusu güclü olan dövlət heç zaman məğlub olmaz. İstər ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atılmış, qardaş Türkiyə Respublikası ilə hərbi sahədə yüksək əlaqələr qurulmuşdur. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Biz bir millət, iki dövlətik”. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi hər zaman bölgədə sülh və təhlükəsizliyin qorunmasına xidmət etmişdir. Ümumilikdə, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan bu günə kimi hərbi təhsil sahəsində əməkdaşlıq edir.

                2010-cu ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə imzalanmış və bu da iki dövlət arasında əlaqələrdə yeni mərhələnin əsasını qoymuşdur.

               Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci ildə “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalanmış, iki dövlət arasında hərbi əməkdaşlıq daha da inkişaf etmişdir.

              Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə əməkdaşlığın davamlı inkişafı isə bu müttəfiqliyin ayrılmaz hissəsidir.

                    Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərdə fəal iştirak edir, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər icra edilir.

            Müntəzəm olaraq Türkiyə-Azərbaycan birgə hərbi təlimləri həyata keçirilir. Təkcə 2019-cu ildə 10 dəfədən çox hərbi təlimlər keçirilmişdir. 2020-ci ildə “TurAz Qartalı -2020” təlimləri həyata keçirilmiş və bu təlimlər zamanı F-16 təyyarələri Azərbaycana gətirilmişdir. Birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hava Qüvvələrinin geniş tərkibdə heyəti də Azərbaycana gəlmişdir.

            Qeyd edim ki, cənab Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində keçirilmiş mətbuat konfransında bu mövzuya toxunaraq belə qeyd etmişdir: " Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də müntəzəm olaraq keçirilir. Keçən il pandemiyaya görə az keçirildi, amma 2019-cu ildə 10 dəfədən çox keçirilmişdir və bu il artıq Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq".

          Türkiyə-Azərbaycan birgə təlimlərinin həyata keçirilməsi mənfur düşmənimiz olan ermənilərdə böyük qorxu və vahimə yaratmışdır. Tarixən düşmənlər həmişə bölgədə Azərbaycan və Türkiyənin yaxınlaşmasına mane olub, bu birlikdən ehtiyatlanıb, çəkiniblər.

           Azərbaycan –Türkiyə birgə təlimlərinin həyata keçirilməsi təkcə erməniləri deyil, dünyanın böyük dövlətlərinin gözünü qorxutmuşdur.Onlar beynəlxalq səviyyədə türklərə məxsus F-16 təyyarələrinin Azərbaycana gətirilməsinə siyasi don geydirməyə çalışmışlar.

            Bu təlimlərin keçirilməsinin 44 günlük Vətən Müharibəsində böyük zəfər çalmağımızda və Azərbaycan Xüsusi Təyinatlılarının Şuşa qələbəsində tarix yazmalarında mühüm rolu olmuşdur.

          İki qardaş ölkə arasında ortaq hərbi təlimlər bundan sonra da davam edəcək və bu da dövlətimizin hərbi gücünün artmasına xidmət edəcəkdir.

Müəllif: Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin tarix müəllimi Bilalova Günel