27.02.2021

Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət nümayiş etdirdilər.

    Azərbaycan xalqının vətənpərvərlik ruhunda tərbiyə almış Mübariz qeyrətli gəncləri 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixinə qızılı hərflərlə "Zəfər Salnaməsi" yazdılar. Elə bir "Salnamə" ki, Azərbaycan tarixində bu günə qədər belə oxşar  tarixi salnamə yazılmamışdı. O gənclər illərlə düşmən tapdağı altında qalıb həsrətini çəkdiyimiz dədə-baba torpaqlarımızı öz canlarıyla,  qanlarıyla azad etdilər. Körpəlikdən Şuşa, Cıdır düzü, İsa bulağı haqqında duyduqları o şirin kəlmələri  öz gözləriylə görmək üçün silaha sarıldılar. "Dəmir Yumruq"  kimi Ali Baş Komandanın arxasında dayandılar. Dillərində "Şəhidlər ölməz, vətən bölünməz" şüarı, əllərində isə üçrəngli bayrağımız fəxrlə, heç bir çətinlikdən qorxmadan mənfur düşmənin üzərinə getdilər. Gözlərinin önündə Xocalıda öldürülən ata-analarımızın, qız-gəlinlərimizin, dırnağları çıxardılmış körpə balalarımızın simaları canlandı. "Qisas qiyamətə qalmaz" deyiblər. Vətən eşqiylə alışıb-yanan gənclərimiz erməni öz qisaslarını aldılar. Ali Baş Komandan İlham Əliyevin "Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!"-sözlərini fəxarətlə, şərafətlə söyləməyimiz üçün əllərindən gələni etdilər.

    Pənahəli xanın neçə əsr əvvəl tikdirdiyi Şuşa qalasından "ŞUŞİ" sözünü söküb yerə atan igid gənclərimiz onun yerinə şəhidlərimizin üzərinə salınan əzəmətli bayrağımızı sancdılar. "Xudayar təsnifi"ni dillərdə dastan edərək, "Ağlama şəhid anası" dedilər analarına. "Başınızı dik tutun, biz Sizin üçün ölərik, amma təki Siz ağlamayın" söylədilər.

    44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri bütün dünyaya Azərbaycan xalqının məğlubedilməzliyini, Ali Baş Komandanımızın ən güclü lider olduğunu, Azərbaycan ordusunun isə qüdrətini nümayiş etdirdilər. Zəfər paradında isə hər kəsə bir mesaj göndərdilər: "Qarabağ bizimdir. Torpağımızın bir qarışını belə kimsəyə vermərik".

Müəllif: Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin müəllimi Bilalova Günel