27.02.2021

Azərbaycan qələbənin əldə olunması üçün illər ərzində böyük hazırlıq işləri görürdü.

    Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsasən “nə müharibə, nə də sülh” qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. 27 sentyabr tarixində həqiqət anı yetişdi. Nəticədə münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı.

       Birincisi, bu münaqişənin “dondurulmuş” halda olması ilə bağlı iddiaların nə qədər əsassız olduğu, eyni zamanda təhlükəli mahiyyəti üzə çıxdı.

       İkincisi, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” kimi “hökm”lərin universal xarakter daşımadığı, əksər hallarda isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyi faktı təsdiqini tapmış oldu.

          Azərbaycanın son illərdə danışıqlar prosesində psixoloji-siyasi üstünlüyünü təmin edən başlıca amillərdən biri də iqtisadi inkişafa paralel şəkildə ordu quruculuğu yönümündə atılan qətiyyətli addımlardır. 2020-ci ilin aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə ölkəmizin hərbi qüdrətini bir daha təsdiqlədi. Həmin müşavirədə xalqımızın qətiyyətli mövqeyini aşkar şəkildə ortaya qoyan Prezident İlham Əliyev sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün sərt və qətiyyətli addımlar atmaq məcburiyyətində qalacağı ilə bağlı həm cəmiyyətə, həm də dünyaya sərt mesaj verdi.

          Ordu hər bir dövlətin mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır. Hər bir dövlət öz ordusunun inkişafı üçün əzmlə çalışır, bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan da dövlət müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesi ardıcıl və sistemli şəkildə həyata keçirilib.

          Bu siyasəti son illərdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. 

 

Müəllif: Kürdəmir rayonu S.Əliheydərov adına 4 nömrəli tam orta məktəbin müəllimi Quliyev Mehdi