27.02.2021

Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir.

        Xalqımızın böyük fərəhlə yaşadığı qələbə sevincini bizə bəxş edən, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin ailələri və torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən qazilərimiz dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılir, onların problemlərinin həlli üçün lazım olan tədbirlər görülür və davamlı olaraq qayğı göstərilir.

          Bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərmanlar və sərəncamlar şəhid ailələrinin sosial ehtiyacları, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların reabilitasiyası, onların mənzil problemləri kimi məsələlərin həllinə yönəlmişdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır.

          Qazilərimizin müalicəsini təmin etmək üçün Reabilitasiya Mərkəzlərinin açılması və istifadəyə verilməsi, xəstəxanaların müasir avadanlıqla təmin olunması, “YAŞAT”  Fondu tərəfindən Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatı həyata keçirilir və Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilər müalicə üçün davamlı şəkildə xaricə göndərilir. Ağır döyüşlərdə əlil düşmüş, əlini-ayağını itirmiş qazilərimiz üçün protezlər sifariş verilmişdir. Tez zamanda 300 nəfər qazimiz bu protezlərlə təmin olunacaqlar.

          "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov öz müsahibəsində bu bərədə belə söyləyir: ”Şəhid ailələrinin problemləri və Vətən müharibəsində xəsarət alan hərbçilərimizin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılır. Onlara dəstək müraciətlərin növbəliliyinə uyğun olaraq həyata keçirilir. Yaralı qazilərimizin daha sürətli və keyfiyyətli reabilitasiya olunması üçün xaricdən RGO cihazları sifariş verilmişdi. Artıq o cihazlar ölkəyə gətirilib və yaralı qazilərin istifadəsinə verilib. Onların bundan sonra reabilitasiyası tez bir zamanda yekunlaşacaq, ən qısa zamanda sağlamlıqlarına qovuşacaqlar.”

       Dövlətimizin  hər zaman şəhid ailələrinə və müharibə  veteranlarına göstərdiyi qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

          Allah bütün şəhidlərimizə rəhmət etsin.

          Arzu edək ki, yaralı qazilərimiz tez bir zamanda öz sağlamlığına qovuşsunlar.

Müəllif: 
Kürdəmir şəhər T.İsmayılov adına 1 №-li tam orta  məktəbin ”Qabaqcıl Təhsil işçisi” döş nişanlı, Tərəqqi medallı tarix müəllimi İbrahimova Gülbəniz