05.10.2017

Kürdəmirdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

    5 Oktyabr – Beynəlxalq  Müəllimlər  Günü  Respublikamızın hər yerində olduğu  kimi, rayonumuzda  da  təntənəli  şəkildə  qeyd edilib. Bu  münasibətlə şəhərin “Kürdəmir” sarayında bayram şənliyi keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  edib, abidənin önünə tər gül-çiçək dəstələri düzüb, ona hörmət və ehtiramlarını ifadə ediblər.Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Mehdiyev açdı.
    Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək əlamətdar  gün  münasibəti  ilə  rayon müəllimlərini  təbrik  etdi, onlara daha böyük uğurlar arzuladı. O çıxışında bildirdi ki, Ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  diqqət  və  qayğısı  ilə  son  illərdə rayonumuzda  müasir  standartlara  cavab  verən  37  yeni  məktəb  binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilib ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaradıb. 2017-2018-cı dərs ilində rayonun Axtaçı-Qarabucaq kəndində 132 yerlik müasir standartlara cavab verən yeni tam orta məktəb binasının tikintisində son tamamlanma işləri aparılır. Eyni zamanda Yeni Şıxımlı kənd ibtidai məktəbi üçün modul tipli yeni məktəb binasının tikintisi başa çatmış, Pirəköcə kənd ibtidai məktəbi, Çöl-ərəb, Qurdlar kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binasının tkintisinə başlanmışdır. Bağman kənd tam orta məktəbi və Çərtəyəz kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binalarının tikintisi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2017-cı il tarixli Sərəncamı ilə şəhər 3 saylı tam orta məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi Xudiyeva Günəş Şərəfəddin qızı  “Tərəqqi”  medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğuladı.

    Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə, diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

    Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.